Azərbaycan Milli İncəsənət Muzeyi 17.000 artıq sənət abidəsinin mühafizə edildiyi xəzinədir. 1936-cı ildə incəsənət şöbəsi Azərbaycan Dövlət Muzeyinin tərkibindən ayrılıb, Xalq Komissarları Sovetinin qərarı ilə müstəqil muzey kimi təşkil edilib. Muzeyə ilk eksponatlar ekspedisiyalar zamanı və əhalidən satın alınma yolu ilə toplanıb.
1937-ci ildə muzeyin ilk ekspozisiyasının açılışı olmuş, muzey 1951-ci ildə isə XIX əsrin axırlarında barokko üslubunda inşa edilmiş Deburun malikanəsinə köçürülüb. 2006-cı ildə muzeyə ayrılmış yeni binada asaslı təmir işləri başlanmış və 2009-cu ildə yeni ekspozisiyanın açılışı olmuşdur. 2011-ci ildə muzeyə Milli, eləcə də həmin ildə Brüsseldə yerləşən Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) Direktorlar Şurasının yekdil qərarı ilə beynəlxalq standart və kriteriyalara cavab verən, muzey anlayışına uyğun, keyfiyyətli muzey xidməti göstərən və peşəkar təcrübəyə malik Avropa Muzey Standartı (EUMS) statusları verilmişdir.
Muzeyə ötən illər ərzində Azərbaycanın tanınmış xalq rəssamı Salam Salamzadə (1936-1942), sonra xalq rəssamı, əməkdar incəsənət xadimi Kazım Kazımzadə (1942-1992) başçılıq etmiş, hazırda isə Azərbaycanın əməkdar incəsənət xadimi, prof. Çingiz Fərzəliyev rəhbərlik edir.
Muzeyin fəaliyyətindəki bütün işləri icra edən elmi şöbələr bunlardır:
1. Fond şöbəsi
2. Ekspozisiya şöbəsi
3. Elmi-kütləvi işlər şöbəsi (məktəb bölməsi)
4. Elmi araşdırmalar şöbəsi
5. Muzey işində innovasiyaların tətbiqi şöbəsi
6. Sərgi və tərtibat şöbəsi
7. Elmi bərpa şöbəsi